BAKI, 17 iyun — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 846; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2008, № 7, maddə 615; 2011, № 7, maddələr 636, 640, № 10, maddə 904; 2013, № 6, maddə 644; 2014, № 12, maddə 1581) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.6-cı bənd əlavə edilsin:
“4.6. Fondun vəsaitindən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.