BAKI, 17 iyun — Sputnik. Əhalinin artımı və kənd təsərrüfatı təyinatlı sahələrin sürətlə azalması Hollandiya hökumətini maraqlı qərar verməyə vadar edib. Belə ki, bu ölkədə ilk dəfə olaraq su üzərində üzən fermer təsərrüfatları yaradılacaq.
Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, dünyanın ilk üzən süd məhsulları təsərrüfatının qurulmasına, ölkənin ikinci böyük şəhəri olan Rotterdamda qısa müddət içində başlanacaq. "Beladon" adlı şirkət tərəfindən inkişaf etdirilən və "AgriFood" adlı təşkilatla birlikdə həyata keçirilən layihə çərçivəsində, iki ayrı üzən təsərrüfat inşa ediləcək.
"Floating Farm" adı verilən təsərrüfatların birində 40 inək yer alacaq, digər təsərrüfatda isə 6 min toyuq yetişdiriləcək. Təxminən 2 milyon avroya başa gələcək üzən təsərrüfatlar əvvəlcə Rotterdamda, sonra isə Den Bosch şəhərində qurulacaq.
Layihənin yaradıcılarından olan Peter van Vingerden Rotterdamla birlikdə Den Bosch şəhərinin pilot bölgələr olacağını söyləyib. Van Vingerdenə görə üzən ferma fikri elmi fantastika deyil, gələcəyə istiqamətli məntiqli bir addımdır.
"Beladon" və "AgriFood" layihəni daha da inkişaf etdirmək üçün yüz min avro vəsait ayırıb. Çoxlu sayda təşkilatın dəstək verdiyi layihə, su baxımından zəngin olan ölkədə sürətlə artan əhali və gedərək azalan əkinçilik sahələrinə əhəmiyyətli bir alternativ olaraq qiymətləndirilir.