ELM

Azərbaycanın təkrar kiril əlifbasına qayıtması...

© Sputnik / Murad OrujovKiril qrafikasında yığılmış kitab
Kiril qrafikasında yığılmış kitab - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya MDB ölkələrinə uyğun olmaq istəyirsə özü latın əlifbasına keçməyi düşünməlidir"

BAKI, 16 iyun — Sputnik. Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edib. Nazir bu barədə "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında bildirib.

Школьники во время урока, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Təhsil nazirindən kiril əlifbasına qayıtmaq təklifi

"Son 10 ildə şriftlərin latın və ərəb əlifbasına keçməsi çox böyük mövzu olub. Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq. Bu, kiril əlifbasıdır. Sorğular göstərir ki, bizim əhalimiz və yaxın çevrədə yaşayan insanlar onsuz da kiril əlifbasına keçidi vacib sayırlar" – deyə o vurğulayıb.

Sputnik Azərbaycan bu məsələnin MDB məkanı, eləcə də Azərbaycan üçün nə qədər aktual və real olduğunu araşdırıb. Professor Qulu Məhərrəmli bildirib ki, bu cür təklifi səsləndirmək qeyri-etikdir: "Əgər xanım nazir Rusiyanın MDB ölkələrinə uyğun olmasını istəyirsə, özləri latın əlifbasına keçməyi düşünsünlər".

"Kiril əlifbasına keçmək mümkünsüzdür. Azərbaycan 20 ildən artıqdır ki, latın əlifbasına keçib. Bizim yenidən kiril əlifbasına keçməyimiz absurddur, mümkün deyil" — Q. Məhərrəmli bildirib.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, Azərbaycan elminə nəzər saldıqda, nüfuzlu mütəxəssislərin hamısının sovetlər dönəmində təhsil alan, elmdə öz sözünü demiş insanlar olduğunu görərik: "Onların əksəriyyəti danışanda rus dilindən istifadə edirlər. Amma bu o demək deyil ki, Azərbaycan bundan sonra kiril əlifbasından istifadə etməlidir".

"Elmi ədəbiyyata nəzər saldıqda görürük ki, keçən əsrin ortalarında nəşr olunan fundamental elmi tədqiqat işlərinin, elmi əsərlərin hamısı rus dilindədir. Bu kitabları da indiki gənc nəsil oxumaqda çətinlik çəkir" — Əsədov qeyd edib.

Onun sözlərinə görə, bu amili nəzərə alan prezident İlham Əliyev 2004-cü ildə sərəncam imzalayıb ki, kiril əlifbasında olan bütün dərsliklər, vəsaitlər Azərbaycan dilində yenidən çap olunsun: "Özümüzün müstəqil yolumuz, hədəflərimiz var. Düşünmürəm ki, bu hədəflərin içərisində yenidən kiril əlifbasına keçid nəzərdə tutulsun. Çünki Azərbaycan Respublikası beynəlxalq təşkilatların üzvüdür və dilimiz beynəlxalq status daşıyır".

Sputnik Azərbaycan məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən də açıqlama almaq istəsə də, onlar bu mövzuya münasibət bildirmək istəmədiklərini dedilər.

Xəbər lenti
0