CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış

© Sputnik / Leyla AbdullayevaSəyyarə nənə
Səyyarə nənə - Sputnik Azərbaycan
Abunə olmaq
Kəndin uzun müddət məscidsiz qaldığını görən qadın bir ilkə imza atıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Məscid İslam dünyasının əsas istehkamlarından biridir. Müsəlmanlar onu "Allahın evi" adlandırırlar. Müsəlman ölkələrinin hər birində əzəmətli məscidlər mövcuddur.

Azərbaycanda da kifayət qədər məscid var. Lakin əksər kəndlərdə məscidlərin olmaması yerli dindarları narahat edir. Belə kəndlərdən biri də Xızı rayonunun Baxışlı kəndidir.

Kəndin uzun müddətdir məscidsiz qaldığını görən Heybətova Səyyarə Səttar qızı, azanı öz evindən səsləndirmək məcburiyyətində qalıb. O, bu barədə Sputnik Azərbaycan-ın əməkdaşına danışıb.

"Uzun illərdir Bakı şəhərində yaşayıram. Yay aylarında istirahət üçün ata yurduma gəlirəm. Hər dəfə kəndə gələndə, kəndin məscidsiz olduğunu görüb, narahat olurdum" – müsahibimiz deyir.

Onun sözlərinə görə, bu kəndin sakinlərinin əksəriyyəti dinə bağlı insanlardır: "Onlar da digər dindarlar kimi cümə namazını məsciddə qılmaq, kənddə azan eşitmək istəyirlər. Təxminən 15 il bundan əvvəl kəndə növbəti gəlişim Ramazan ayına təsadüf etdi. Həmin vaxt qərara gəldim ki, heç olmasa, Ramazan ayında kənddə azan verilsin".

"Övladlarıma dedim ki, lazımı avadanlıqları alıb evdə quraşdırsınlar, biz də azan vaxtı kənddə azan səsləndirək. O vaxtdan bu günə kimi namaz vaxtları öz evimdən azan səsləndirirəm. Düzdür, bunu yalnız Ramazan ayında edə bilirəm. Çünki qalan vaxt Bakıda yaşayıram" – deyə Səyyarə Heybətova bildirir.

© Sputnik / Leyla AbdullayevaSəyyarə Heybətova
Səyyarə Heybətova  - Sputnik Azərbaycan
Səyyarə Heybətova

Səyyarə nənə özünün və kənd sakinlərinin adından, Sputnik Azərbaycan vasitəsilə, Qafqaz Müsəlmanlar İdarəsindən, kənddə məscidlə bağlı tədbir görülməsini xahiş edir.

Baxışlı kəndinin digər sakini Cavid Şıxəliyev də Sputnik Azərbaycan-a açıqlamasında məscidlə bağlı fikirlərini səsləndirib: "Məscidin olmaması bizi məyus edir. Hamı kimi biz də məsciddə ibadət etmək istəyirik".

O deyir ki, tək bu kənd yox, qonşu kəndlər də məscidsizdir: "Sağ olsun Səyyarə nənə ki, məscid görməsək də, onun sayəsində qulağımız azan eşidir. Allah Səyyarə nənəyə uzun ömür bəxş etsin ki, bu kənd azansız qalmasın".

Xəbər lenti
0