BAKI, 16 iyun — Sputnik. ABŞ əhalisinin 7%-nin şokoladlı südün qəhvəyi rənginin inəklərdən gəldiyini düşündüyü ortaya çıxıb.
Sputnik Türkiyə-nin məlumatına görə, ABŞ Süd Məhsullarının Təkmilləşdirilməsi Mərkəzi tərəfindən aprel ayında 18 yaşdan yuxarı 1000-dən artıq adam arasında aparılan bir sorğunun nəticələri hər kəsi şoka salıb. Araşdırmaya qatılanların 7%-i şokoladlı südün qəhvə rənginin inəklərdən gəldiyini deyib.
İnternet vasitəsilə aparılan bu araşdırmada bütün ölkəni təmsil edən şəxslərin iştirak etdiyini nəzərə alsaq, 16 milyon 400 min amerikalının şokoladlı südün süd, şokolad və şəkərdən istifadə edilməklə hazırlandığını bilmədiyini deyə bilərik.
Digər tərəfdən, sorğu iştirakçılarının 48%-i də şokoladlı südün haradan əldə edildiyini deməkdə çətinlik çəkiblər.
Sorğuya qatılanların 29%-i şokoladlı süd almaq üçün uşaqlarının adından bəhanə kimi istifadə etdiklərini söyləyiblər.