ELM

Təhsil ocaqlarının qeyri-rəsmi qazanc mənbələri qapadılır

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tələbədən, şagirddən ödənişi qeyri-rəsmi qəbul edir, heç yerdə uçotunu aparmır və vergi də ödəmirlər"

BAKI, 14 iyun — Sputnik. Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilib. Dünən Milli Məclisdə "Təhsil haqqında" qanuna dəyişiklik edilib. Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə edilən dəyişikliyə əsasən, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda 2017-ci ilin yanvar ayından etibarən nağdlaşdırma qaydalarına dəyişiklik edilib: "Eyni zamanda, nağdsız dövriyyənin genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Fiziki şəxslərə aylıq 15 min manat, hüquqi şəxslərə isə aylıq 30 min manat nağdlaşdırma imkanı yaradılıb".

"Söhbət özəl sektordan daxil olan vəsaitlərdən gedir. Dövlət büdcəsindən daxil olan vəsaitlərdə isə cəmi 5 min manat nağdlaşdırma limiti müəyyənləşdirilib. Bu, gizli iqtisadiyyatın, eyni zamanda, vəsaitlərin axınında qeyri-şəffaflığın aradan qaldırılması və həmçinin, vergi bazasının genişləndirilməsi məqsədi daşıyır" — Həsənov bildirib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişiklik də məhz bu prosesin sürətləndirilməsi və eyni zamanda, əhatə dairəsinin genişləndirilməsinə xidmət edən məqamlardan biridir: "Burada insanlar üçün heç bir problem yoxdur. Yəni, söhbət vəsaitin nağd şəkildə hər hansı bir kassa çekinə, kassa mədaxil orderinə əsaslanaraq verilməsindən və yaxud bank yolu ilə köçürmədən, kart hesabından köçürmədən gedir".

Ekspert bunların heç birinin vətəndaş üçün hər hansı bir ciddi problem yaratmadığını deyir: "Əksinə, hazırki şərtlər daxilində daha rahat şəkildə hətta, evindən ödəniş etmək imkanı əldə edir. Burada məqsəd özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən universitetlərə və digər təhsil ocaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir. Söhbət vəsaitlərin nağdlaşdırılması məhdudiyyətinin tətbiqi yolu ilə əməliyyatların nağdsız dövriyyə prosesinə cəlb olunmasından gedir".

İqtisadçının fikrincə, universitet təhsil haqlarını nağdsız formada qəbul edəcəksə, bu, o deməkdir ki, həmin təhsil ocağı aylıq 30 min manat nağdlaşdırma imkanı olduğu üçün əməliyyatların böyük bir qismini nağdsız formada, yəni, köçürmə yolu ilə həyata keçirəcək: "Bu isə prosesin özündə daha dəqiq təkmil uçotun aparılmasını təmin edir, vəsaitlər axınında vergi inzibatçılığından yayınma hallarının qarşısını alır, həmçinin, şəffaflıq məsələsini daha da gücləndirir. Təklif olunan dəyişikliyin bu kimi müsbət tərəfləri olacaq. Düşünmürəm ki, bu dəyişikliyin hər hansı bir fəsadları olsun".

"Nağdsız ödəniş sadəcə kart yolu ilə ödəniş deyil. Şəxsiyyət vəsiqəsi ilə banklara yaxınlaşıb ödəniş etmək olar. Sadəcə o vəsaitlər nağdsız formada universitetin balansına oturmalıdır. Yəni, universitetin mühasibatlıq otağında nağd şəkildə ödəniş edərək kassa mədaxil orderi almaq prosesi məhdudlaşdırılır. İnsanlar bank köçürməsi yolu ilə bu vəsaitləri transfer edə bilərlər" – deyə ekspert bildirib.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında bunu müsbət qiymətləndirib: "Bu ilin yanvarın 1-dən "Nağdsız hesablaşmalar haqqında" qanun qüvvəyə minib. Həmin qanunda bir sıra ödənişlərin, o cümlədən təhsil haqlarının yalnız nağdsız formada həyata keçirilməsi təsbit edilib".

Onun sözlərinə görə, bu ilin əvvəlindən təhsil haqları yalnız nağdsız qaydada həyata keçirilə bilər: "Hazırda "Təhsil haqqında" qanuna edilən dəyişiklik də həmin qanuna uyğunlaşdırılır və bu, yenilik deyil. Hansısa qanun qəbul ediləndə ona zidd olan qanunlar da uyğunlaşdırılır".

Ekspertin fikrincə, təhsil haqqını nağd qaydada ödəyəndə sonradan problemlər yaranır: "Məsələn, bəzən qəbz vermirlər və yaxud qəbz saxta ola bilər və s. Nağdsız ödəniş qeyri-rəsmi ödənişlərin, vergidən yayınmanın qarşısını alır. Ola bilər, hansısa təhsil müəssisəsi tələbədən, şagirddən ödənişi qeyri-rəsmi qəbul edir, heç yerdə uçotunu aparmır və vergi də ödəmir. Bu halların da qarşısını alır. Ümumən, bu sahədə nağdsız ödənişə keçilməsini müsbət qarşılayıram. Bu qayda ilin əvvəlindən artıq var və hələ ki, heç bir problem yoxdur".

Xəbər lenti
0