BAKI, 14 iyun — Sputnik. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən açıqlama verilib.
Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb. Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Qubad İbadoğlu, bu ilin ilk 4 ayında hər iki siqaret çəkəndən birinin bu zərərli vərdişi tərgitdiyini hesab etmir: "Yeganə variant odur ki, siqaret istehsalı azalıbsa, burada olan tələbat idxal ilə əvəz edilib. 2017-ci ilin ilk 4 ayında 2016-cı ilin ilk 4 ayı ilə müqayisədə tütün idxalında, təxminən 11 faiz artım var. İstehsalda 49 faiz azalma varsa, deməli, burada idxal ilə istehsal birlikdə istehlaka bərabər olmalıdır".
"Əgər anbar qalığı yoxdursa, bu halda yenə də qalıq yaranır. Bu qalıq onu deməyə əsas verir ki, ya istehsalda qeydiyyatsız dövriyyə var, ya da idxalda qeydiyyatsız dövriyyə. Yəni, qeyri-rəsmi ya istehsal, ya da idxal dövriyyəsi artıb" — İbadoğlu bildirib.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda tütün istehsalı o qədər də böyük həcmdə deyildi: "Siqaret istehsalı üçün istifadə olunan tütünün böyük bir hissəsi xaricdən gətirilirdi və Azərbaycanda qablaşdırılırdı. Devalvasiyalardan sonra xaricdən xammalın gətirilməsi və burada istehsal olunması o qədər də sərfəli olmadı və ciddi şəkildə bununla bağlı problemlər yaşanmağa başladı".
Mütəxəssisin dediyinə görə, yerli tütün istehsalının az olması və yerli tütünün tamamının siqaret istehsalında istifadə olunmamasına görə istehsalda ciddi azalmalar müşahidə olunmağa başlayırdı: "Keçən ilin sonundan bu tendensiya var idi və bu ilin ilk aylarında artıq çox ciddi şəkildə hiss olunmağa başladı. Əsas məsələ bununla bağlıdır. Yəni, xammal xaricdən gətirilir deyə burada istehsal olunması sərfəli olmur".
N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda siqaretin ətraf ölkələrə nisbətən baha olması bazarın həssaslığını artırır: "Kifayət qədər böyük həcmdə qaçaqmalçılıq yolu ilə siqaret məhsullarının Gürcüstandan və Rusiyadan keçirilməsinə cəhd göstərilir. Bunun da səbəbi Azərbaycanda qiymətlərin baha olmasıdır".
"Yəni, həm Gürcüstanda, həm Rusiyada aşağı qiymət seqmentində, yəni, keyfiyyəti yuxarı olmayan, aşağı qiymət seqmentində olan siqaretlərin qiymətində ciddi fərq var. Bu da Azərbaycan bazarını cazibəli hala gətirir. Buna görə də, Azərbaycan bazarına Rusiyadan, əsasən də Gürcüstandan böyük həcmdə siqaret keçirməyə başladılar. Bu da daxili satışlara ciddi təsir göstərib" — ekspert qeyd edib.
O, hesab edir ki, bu iki faktor — həm xammalın xaricdən gətirilməsi, həm də kifayət qədər böyük həcmdə qonşu ölkələrdən qeyri-qanuni yollarla Azərbaycan bazarına daxil olan siqaret məmulatları ölkəmizdə siqaret istehsalının kəskin azalmasına səbəb olan əsas faktordur".