BAKI, 14 iyun — Sputnik. Koreya alimləri insan dərisinin unikal 3D-çap metodunu hazırlayıblar. Bu, mövcud olan 3D-çap üsullarından 50 dəfə ucuz başa gələcək.
AZƏRTAC xəbər verir ki, dərinin yaradılmasında hibrid printerdən istifadə olunur. Printer bioparçalanan polimerdən ibarət membrana malik xüsusi kollagen material yaradır. Yeni material insan dərisinə olduqca bənzəyir.
Professor Donq-Vu Ço bildirib ki, bu metod üçün 10 dəfə az xammaldan istifadə olunur. Yeni üsulun daha bir üstünlüyü də əldə edilən dərinin hüceyrə birləşmələrinin təzyiqi olmadan da yetişməsidir. Bu kimi toxumaların ənənəvi 3D-çapı isə onların hüceyrələrin strukturunu köçürməsi üçün mütləq hüceyrələrin tətbiqi ilə müşayiət olunur.
Alimlər nümayiş üçün dəri nümunəsi hazırlayıblar. Material 14 gün ərzində stabillik və elastiklik əldə edib. Həmçinin onun üzərində müxtəlif epidermis qatları izlənilib.
Yeni metodun bərpaedici cərrahiyyənin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəyi güman edilir. Bu metod həkimlərin işini sadələşdirməklə yanaşı, pasiyentləri ağrılı əməliyyatlardan xilas etməyə imkan verəcək.