ELM

Zəng səsi güllə səsinə qarışan məktəb

© Sputnik / Ramil IbrahimovƏhmədağalı kənd orta məktəbində son zəng günü
Əhmədağalı kənd orta məktəbində son zəng günü - Sputnik Azərbaycan
Abunə olmaq
Bir tərəfdə atışma, ölüm təhlükəsi, bir tərəfdə dərs oxumaq...

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Tədris ilinin başa çatması ilə əlaqədar Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə xəttinə yaxın yerləşən məktəblərdə də son zəng çalındı. Belə təhsil ocaqlarından biri də Ağdam rayonunun Əhmədağalı kənd orta məktəbidir. Cəbhə xəttində yaşamaq, hər an təhlükə ilə üz-üzə olmaq bu məktəbin məzunlarını yaşıdlarından tez böyüdüb sanki. Onların yaddaşında məktəb həyatı heç də həmişə xoş xatirələrlə qalmır. Oxuduqları məktəbdə zəng səsi ilə bərabər güllə səsi də eşitmək yazılıb bu şagirdlərin taleyinə. Əhmədağalı kənd sakini Hasil Səfərli də 11 il təhsil aldığı doğma məktəbi ilə vidalaşır. Məktəb illərindən yaddaşında qalan xatirələrini Sputnik Azərbaycan-a danışan Hasil deyir ki, onu heç də həmişə səhər məktəbə yola salmaq üçün anası yuxudan oyatmayıb. Bəzən elə olub ki, atəş səslərinə oyanıb.

© Sputnik / Ramil IbrahimovAğdam rayonunun Əhmədağalı kənd orta məktəbi
Ağdam rayonunun Əhmədağalı kənd orta məktəbi   - Sputnik Azərbaycan
Ağdam rayonunun Əhmədağalı kənd orta məktəbi

"Evimiz də cəbhə xəttinə yaxındı. Düzünü desəm artıq öyrənmişəm. Mənə elə də qorxulu gəlmir. Əlbəttə ki, istər istəməz dərslərə təsir edib. Amma çalışmışam dərslərdən geri qalmayım. Fikriləşin də… Bir tərəfdə atışma, ölüm təhlükəsi, bir tərəfdə dərs oxumaq…" – deyə Hasil Səfərli bildirir.

Həmsöhbətimiz də deyir ki, cəbhəyanı kəndlərdə təhsil almaq da, təhsil vermək də digər məktbələrdən fərqlənir. Burada müəllimlərlə münasibətdə də daha çox doğmalıq hiss olunur. Bu bəlkə də hər gün onların birgə yaşadıqları təhlükədən irəli gəlir. Gələcək planlarından danışan Hasil imtahandan istədiyi nəticəni əldə edəcəyi təqdirdə təhsilini Dövlət Neft və Sənaye Universitetində davam etdirmək istəyir.

© Sputnik / Ramil IbrahimovHasil Səfərli
Hasil Səfərli  - Sputnik Azərbaycan
Hasil Səfərli

"Birlikdə olduğum sinif yoldaşlarımdan ayrılmaq çox çətindir. Amma bundan sonra yeni həyata qədəm qoyuruq. Ali təhsil alacağam, yeni insanlarla tanış olacağam. Əgər topladığım bal çatsa neft-qaz mühəndisi olmaq istəyirəm. Yəqin ki, universitetə daxil olandan sonra ilk dəfə parta arxasında güllə səsi eşitməyəcəyəm" — deyə Hasil Səfərli bildirir.

11 il müharibə şəraitində təhsil alanlardan biri də cəbhənin 200 metrliyində yerləşən Çırqalı kəndinin sakini Coşqun Məmmədovdur. Hasillə eyni sinifdə oxuyan Coşqun sinif yoldaşlarından fərqli olaraq ölüm qorxusunu birbaşa hiss edib. Məktəb illərindən ən yadda qalan xatirəsi də elə bununla bağlıdır.

© Sputnik / Ramil IbrahimovCoşqun Məmmədov
Coşqun Məmmədov - Sputnik Azərbaycan
Coşqun Məmmədov

"Məktəbdən evə qayıdandan sonra paltarımı dəyişib sahəyə getdim atama kömək etməyə. Sahəni təmizləyirdik, atışma başladı. Güllələrdən biri qolumdan dəydi, o biri güllə də ayağımdan. Düzü dəyəndə heç bilmədim hardan dəyib. Yaralı vəziyyətdə 10-25 dəqiqə sahədə uzanmış vəziyyətdə qaldım. Atam da yanımda idi. Atışma səngiyəndə atam məni oradan çıxarıb xəstəxanaya apardı" – deyir Coşqun Məmmədov.

Dostundan fərqli olaraq Çoşqun məktəbi bitirəndən sonra hərbi xidmətə yola düşəcək. Özü üçün gələcəkdə də hərbçi peşəsini seçib.

"Əsgərliyi bitirəndən sonra orduda qalıb vətənə xidmətimi davam etdirmək istəyirəm. Vətəni qorumaq üçün əlimdən nə gəlirsə edəcəyəm" – deyə Coşqun Məmmədov bildirir.

Uşaqlıqdan birlikdə böyüyən dostların seçdikləri peşələrdə yolları ayrılsa da arzuları ortaqdır. Bu gün 11-ciləri yola salmaq üçün son zəngi çalan birincilərin onlar kimi ölüm qorxusu yaşamaması…

Xəbər lenti
0