BAKI, 13 iyun — Sputnik. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsinin sakinləri Sputnik Azərbaycan-a müraciət edib. Onların sözlərinə görə, bir az yağış yağan kimi küçədə göl yaranır, keçmək mümkün olmur. Sputnik Azərbaycan-ın əməkdaşı bu gün ərazidə olub və küçənin son vəziyyətini çəkib.
Bu ərazidə yaşayan Əli Məmmədlinin sözlərinə görə, hər dəfə yağış yağanda küçədə eyni vəziyyət yaranır: "Bura illərdir ki, eyni vəziyyətdədir. Heç bir dövlət orqanı vəziyyətlə maraqlanmır. Hər dəfə güclü yağış yağanda 10 dəqiqə bəs edir ki, küçə gölməçəyə çevrilsin. Yağış yağan kimi küçədəki obyektlərə də su dolur. Küçə keçilməz vəziyyətə gəlir".
Məmmədli bildirir ki, dəfələrlə aidiyyatı orqanlara məsələ ilə bağlı müraciət edilsə də, təəssüf ki, müraciətlər cavabsız qalır.
Hazırda küçə şəkillərdə olduğu kimidir.