BAKI, 13 iyun — Sputnik. Bu gün bütün Qafqaz respublikaları içində, Qarabağ müharibəsinin mövcud olduğu Azərbaycan ən güclü orduya, ən güclü silahlara və ən güclü kadr potensialına malikdir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində hərbi ekspert Şair Ramaldanov deyib.
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmrlərini yerinə yetirməyə hazırdır. Ordu düşmənlə təmas xəttindəki mövqelərdə müdafiə xarakterli hərbi tapşırıqları yerinə yetirir. Əsas vəzifə həmin xətti müdafiə etmək və təmas xətti yaxınlığındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdir. Əsas vəzifə istənilən xarici təcavüzü dəf etməkdir. Azərbaycan Ordusu bilir ki, istənilən vaxt işğal olunmuş torpaqları geri qaytarmağa hazır olmalıdır" — deyə ekspert bildirib.
Onun sözlərinə görə, hərbi elm inkişaf edir, yeni silahlar yaranır, hərbi əməliyyatlardan və qarşıya qoyulan vəzifələrdən çıxış edərək SQ bütün zəruri texnikanı alır: "Təbii ki, Respublika daim yeni silahlar axtarışındadır, çünki düşmən məkrlidir".
Kadrlara gəlincə, Ramaldanov qeyd edib ki, ölkədə onların hazırlanması üçün çox perspektivli proqramlar mövcuddur: "Cəmşid Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir ki, orada gənclər özlərini hərbçi kimi görürlər və artıq məktəb partası arxasında hərbi işlərin əsaslarını öyrənirlər. Ali hərbi məktəblər fəaliyyət göstərir. Eyni zamanda mayordan başlayaraq yuxarı səviyyələrə qədər zabit hazırlayan hərbi məktəblər var".
Ramaldanovun bildirdiyinə görə, Azərbaycan ordusunun vəziyyəti ildən-ilə yaxşılaşır: "Hərbi qulluqçuların sayı azalmır, əksinə, müddətdən artıq hərbi xidmət keçənlərlə bağlı keyfiyyət yaxşılaşıb. Hərbi xidmətdən sonra zəruri ixtisaslar üzrə hazırlıq kursu keçib, sertifikat alıb, sonra peşəkar səviyyədə öz vəzifələrini yerinə yetirirlər".
"Prezident İlham Əliyev erməni ictimaiyyətini birmənalı şəkildə xəbərdar edib ki, əgər erməni əsgərləri ölmək istəmirlərsə, Azərbaycan torpaqlarından çıxmalıdırlar. Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Əgər düşmən müvafiq nəticələr çıxarmasa, Silahlı Qüvvələr öz gücünü göstərəcək. Gözləyək, az qalıb" — ekspert əlavə edib.