BAKI, 13 iyun — Sputnik. Bu gün Sumqayıt şəhəri 5 saylı məktəbin qarşısında etiraz aksiyası keçirilib. Belə ki, valideynlər məktəbin önündə etirazlarını ifadə edərək, oradan Sumqayıt Təhsil Şöbəsinin qarşısına gələrək öz şikayətlərini bildiriblər.
Övladı məktəbin 2-ci sinifində oxuyan Aynurə Əsədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, baş verənlərə səbəb, məktəbdə ibtidai siniflərin oxuduğu korpusun Regional Maliyyə İdarəsinə verilməsidir. Valideyn bildirib ki, uzun illərdir bütün ibtidai siniflər həmin korpusda təhsil alıb.
"Bu gün isə bizə deyirlər ki, uşaqlar artıq həmin korpusda oxumayacaqlar. Biz illərlə çalışmışıq, pul yığımışıq, həmin korpusu təmir etdirmişik ki, uşaqlarımız yaxşı şəraitdə təhsil alsınlar. İndi qalxıb elan edirlər ki, həmin korpus Maliyyə İdarəsinə verilir" — A. Əsədova qeyd edib.
O, ibtidai sinifdə oxuyan bütün şagirdlərin valideynlərinin buna qarşı olduğunu diqqətə çatdırıb: "Bizim uşaqlar həmin korpusda çox rahat şəkildə təhsil alırdılar. Biz də arxayın idik ki, uşaqlarımız təhlükəsiz şəraitdə təhsil alırlar. Bu korpusun hansısa idarəyə verilməsi bizi qorxudur. Uşaqlarımızın durumundan narahatlıq verir".
"Biz o korpusu özümüz təmir etdirmişik. İkinci korpus isə təmirsizdir. Deyirlər, guya dövlət təmir üçün pul ayırıb. Amma hər tədris ilinin sonunda bizə bildirilir ki, "dövlət təmir üçün bir mismar da ayırmır". Guya məktəb rəhbərliyi öz hesabına təmir etməlidir" — valideyn vurğulayıb.
A.Əsədovanın sözlərinə görə, Sumqayıt Təhsil Şöbəsindən onlara bildirilib ki, korpus əvvəldən məktəbə aid olmayıb: "Bizə dedilər ki, o korpus məktəbin deyil. Deyilsə, necə olub ki, uşaqlarımızı illərlə həmin korpusda təhsil alıb? Biz pul yığıb təmir etdirmişik. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, bizim uşaqlarımızın təhsil aldığı korpusu hansısa idarəyə verməsinlər".
Qeyd edək ki, hazırda aksiya başa çatıb. Amma valideynlər tələblərini aidiyyatı qurumlara çatdırmağı və məsələnin araşdırılmasını xahiş edirlər.