BAKI, 12 iyun — Sputnik. Ankara Böyükşəhər Bələdiyyə Başqanı Melih Gökçek bu gün episentri İzmirin Karaburun rayonu ərazisində olan 6.3 bal gücündəki zəlzələdən sonra şok iddia ilə çıxış edib.
Sputnik Türkiyə xəbər verir ki, öz Twitter hesabında Gökçek bu gün Türkiyədə baş verən zəlzələnin süni ola biləcəyini iddia edib.
Gökçek yazıb: "İzmir yaxınlığında 6.3 bal gücündə zəlzələ oldu. Elm adamları bundan sonra daha güclü zəlzələlərin gözlənildiyini söyləyirlər. İndi bu zəlzələnin süni bir zəlzələ olduğunu düşünürəm. Mən mütləq belədir, demirəm. Ancaq ciddi ehtimal var və mütləq araşdırılmalıdır: Zəlzələnin episentri yaxınlığında prosesi müşahidə edən seysmik araşdırma gəmisi var idimi? Var idisə, hansı ölkəyə məxsusdur?"
Türkiyənin hakim partiyasının (AKP) aparıcı simalarından olan paytaxt bələdiyyəsinin sədri həmçinin yazıb: "Xarici qüvvələrin indiyə qədər Türkiyəyə gücü yetmədi. Amma bizi iqtisadi cəhətdən məhv etmək üçün süni zəlzələ kartından istifadə edə bilərlər".
Gökçek, xarici qüvvələrin süni zəlzələlər təşkil edərək Türkiyəyə hücum edə biləcəyini iddia edib.