BAKI, 12 iyun — Sputnik. Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik olunacaq. Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Qanuna edilən əlavəyə əsasən isə, rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. Layihəyə əsasən, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.
"Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir" — deyə layihədə qeyd olunub.
"Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir" – layihədə əlavə olunub.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub, iyunun 13-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.
Vəkil Adəm Məmmədov məsələni Sputnik Azərbaycan-a şərh edərək deyib ki, qanuna bir cümlə əlavə olunacaq ki, tək hakim olan şəxs həm də məhkəmə sədridir: "Burada ciddi bir dəyişiklik olmayacaq. Əsas olan hakimlərin fəaliyyətidir, təminatının qaldırılmasıdır və bunlar müzakirə edilməlidir".
"Həmin şəxs həm də məhkəmə hakiminin maaşını alacaq. Qanunlar qəbul edilməli, hakimlərin sosial təminatı yüksəldilməlidir. Bu məsələni qırağa qoyub texniki məsələləri müzakirə etmək baş qatmaq kimi bir şeydir" — vəkil bildirib.
A. Məmmədovun sözlərinə görə, hər bir halda istər məhkəmə sədri olsun, istər hakim olsun, onların fəaliyyəti yoxlanılır: "Ümumiyyətlə, məhkəmə sədri rayonlarda təşkilati məsələlərə, işə qəbul, işdən azad edilmə məsələlərinə baxır, iş bölgüsü aparır".
Vəkil Feyzulla Mehdiyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rayon məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakimin eyni zamanda məhkəmənin sədri təyin olunması normal haldır: "Sadəcə olaraq, məhkəmədə bir hakimin olmasına münasibətim pisdir. Məhkəmələrdə yük həddindən artıq çoxdur. Yaxşı olar ki, rayonlardakı məhkəmələrdə bir hakim yox, daha çox hakim olsun".
"Əgər məhkəmədə bir hakim varsa, o da məhkəmə sədri olmalıdır. Belə çıxır ki, məhkəmənin sədri yoxdur. Ona görə də sədr olmalıdır" — Mehdiyev vurğulayıb.
Onun fikrincə, onsuz da hakimlərin fəaliyyəti daim yoxlanılır: "Yəni, elə ola bilməz ki, rayon məhkəməsinin hakimi heç vaxt yoxlanılmasın. Bu, mümkün deyil. "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif olunan dəyişiklik düzgündür".