BAKI, 11 iyun — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.
DİM-dən APA-ya verilən xəbərə görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentlər iştirak edirlər.
İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 — da başlanacaq.
Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Məlumat üçün bildiririk ki, imtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb.