BAKI, 11 iyun — Sputnik. Rusiyanın energetika naziri Aleksandr Novakın rəhbərliyi altında Rusiyanın nümayəndə heyəti II Fəxri xiyabana gedərək ötən gün torpağa tapşırılmış Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsini anıb.
Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyulub.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, rusiyalı nazir jurnalistlərə müsahibəsində mərhum haqqında xatirələrini bölüşüb.
"Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin vaxtsız vəfatı xəbəri məni dərindən təsirləndirdi. Mən onu peşəsini ürəkdən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın, neft-qaz sahəsinin, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarır, Azərbaycanda energetikanın inkişafı, ölkələrimiz arasında əməkdaşlıq üçün xeyli işlər görmüşdü. Biz Müstəqil Dövlətlər Birliyinin Elektoenergetika Şurasında bir yerdə işləmişdik. Mənim onunla çox yaxşı münasibətlərim var idi. Əlbəttə, böyük dostu itirmək bizim üçün kədərli hadisədir", — deyə rusiyalı nazir bildirib.
Aleksandr Novak, həmçinin energetika sahəsində iki ölkə arasında əməkdaşlığın indiki səviyyəsindən danışıb:
"Biz əməkdaşlığımızı çox yüksək qiymətləndiririk, energetika sahəsində bir yerdə işləyirik, qonşu ölkələrlə qarşılıqlı münasibətləri inkişafı, o cümlədən elektroenergetikada, Azərbaycanla və İranla Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzrə bir yerdə işləyirik. Bununla yanaşı, bizim neft şirkətlərimiz Azərbaycanda neft yataqlarının işlənməsində iştirak edirlər."
"Biz, həmçinin OPEK-ə daxil olmayan ölkələr arasında neft bazarının tarazlaşdırılması üzrə razılaşmanı bir yerdə reallaşdırırıq və Azərbaycan burada əsas yerlərdən birini tutur. Bundan başqa, biz qaz sahəsində əməkdaşlığı davam etdiririk və hesab edirəm ki, bu, ölkələrimiz arasında əsas ticari-iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Bu istiqamətə, o cümlədən uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, sonralar sənaye və energetika, son illər isə energetika naziri vəzifəsini tutmuş Natiq Əliyev də kömək edib" — deyə rusiyalı nazir bildirib.