BAKI, 11 iyun — Sputnik. 2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması — Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadla xəbər verir ki, Zaxarovanı bu layihəyə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva dəvət edib.
O.Zaxarova MMİP-nin direktoru olduğu dövrdə həmin park hətta Kremli də geridə qoyaraq, turistlərin ən çox xoşladığı yerlərdən birinə çevrilib. 2015-ci il sentyabr ayında Olqa Zaxarova parkın direktoru vəzifəsindən getməzdən əvvəl verdiyi müsahibədə bildirib ki, o, parkın öz xərcini çıxaran müəssisəyə çevrilməsinə nail olub. 2011-ci ildə parkın mədaxili 135 milyon rubl olduğu halda 2014-cü ildə müvafiq göstərici 755 milyona çatıb.
Zaxarovanın axırıncı iş yeri ADG Developer Group olub. O, bu şirkətin icraçı direktoru postunu tutub. Zaxarova bulvarla bağlı planları açıqlayarkən deyib:
"Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa ruhlandırmaqdır".
Daha sonra o bildirib ki, uğurlu biznes modeli qurmaq, habelə şəhərin bütün sakinlərini bu layihəyə cəlb etmək üçün müxtəlif səviyyəli təsisatlarla səmərəli əlaqə kanalları yaratmaq lazım gələcək.
Dənizkənarı bulvar Bakının ən görməli və turistik əhəmiyyətli yerlərindən biridir. 2008-ci ildə ölkə rəhbərliyi bulvarın yenidən qurulmasına 500 mln. dollar dəyərində vəsait xərcləyib.
Yenidən qurularkən bulvarın sahəsi 16 km-dən 25 km-ə qədər uzadılıb.