BAKI, 9 iyun — Sputnik. İstanbulun "Florence Nightingale" klinikasından Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama verilib. Klinikadan APA-nın Türkiyə bürosuna verilən açıqlamada bildirilir ki, N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.
Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale" klinikasına aparılıb.
"Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə, ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib" — deyə açıqlamada bildirilir.
Mərhum nazirin nəşi bu gün Bakıya gətiriləcək. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın "APA-Economics"ə verdiyi məlumata görə, sabah 12:00-da "Şəhriyar Mədəniyyət Evi"ndə onunla vida mərasimi keçiriləcək.
Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq. "Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da "Şəhriyar" adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq" — deyə o, qeyd edib.