BAKI, 8 iyun — Sputnik. ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşub.
"Bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib" — deyə Komi qeyd edib.
Komi həmçinin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə cəhdinin olduğunu təsdiqləyib.
Ceyms Komi prezident Donald Trampla keçirdiyi təkbətək görüşü qeydə aldırdığını da etiraf edib. O, bunu Trampın yalan danışmaq ehtimalı olması ilə əlaqələndirib. Komi keçmiş prezidentlər Corc Buş və Barak Obama ilə vaxtilə keçirdiyi görüşlərin qeydə alınmasına ehtiyac duymadığını da bildirib.