Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Acılıqbinə, Gərəkli, Bayrambinə, Cincartala, Əyritala, İsaqlıgirmə, İtitala, Mazımqarışan, Öküzovtala, Top-Kara-Agach, Xalatala (Balakən), Danaçı, Cicibinə, Cimcimax, Mamqabinə, Gözbarax (Zaqatala), Köndələn, Babaratma, Öryət (Şəki), Malax, Qımır, Tasmalı, Qarabaldır (Qax)…
Bunlar Azərbaycanın şimal-qərb bölgəsində mövcud olan kənd adlarıdır. Qəribə və gülməli səslənsə də, real toponimlərdir. Həmin ərazilərdə yaşayan insanlar doğulduqları kəndin adını ürəklə səsləndirə bilmir, utanırlar.
Əhmədiyyə Əliyev Qax rayonun Qarabaldır kəndinin sakinidir. Deyir ki, həmişə yad bir yerdə kəndin adını çəkəndə, ona gülürlər: "Məcbur olub kəndimizin adının mənasını izah etməli oluram. "Qarabaldır" adındakı "baldır" sözü ilk səsləndiyində insan əzasını xatırlatsa da, onun insanın bədən üzvü ilə heç bir əlaqəsi yoxdur".
"Kəndimizin balı digər kəndlərin balından fərqlənir. Bizim kəndimizin balı qara olub həmişə. Elə buna görə də kəndimizin adı "Qarabaldır", yəni "bal qaradır" olub" – deyir.
Qeyd edək ki, Oğuz rayonunun ərazisində də bu adda kənd var. Lakin, sözügedən kəndin mənası heç də Qaxın həmin kəndi ilə eyni anlama gəlmir. "Bəzi mənbələrdə "Qarabaldır" adındakı "qara" böyük, güclü, qüvvətli deməkdir, "baldır" isə çıxıntı sözündən yaranıb. Odur ki, "qarabaldır" sözü "böyük çıxıntı" mənasını verir. 2000 illik tarixi olan həmin kəndin adının türk kökənli olduğu ehtimal edilir" – deyə Əliyev bildirib.
Təbii ki, adların mənalarının gülməli, qəribə səslənməsində nəsildən-nəslə ötürüldükcə uğradığı deformasiyaların, bəzənsə onlara naşı əlin gəzdirilməsinin az rolu olmayıb. Müəyyən qrup mütəxəssislər hesab edirlər ki, həmin yer adlarını dəyişdirmək lazımdır. Onların fikrincə, ən azı, həmin ərazidə yaşayanlar öz yurdlarının adını utanmadan səsləndirə bilməlidirlər.
Bir qrup isə düşünür ki, kəndlərin adını dəyişmək yox, onların dəqiq mənbəyini axtarıb tapmaq lazımdır. Çünki hər bir toponimdə bəzən bizim bilmədiyimiz böyük bir tarix yatır.
Son illər Milli Məclis tərəfindən bəzi kəndlərin "münasib sayılmayan", "etik cəhətdən məqsədəuyğun hesab edilməyən" adları yeniləri ilə əvəzlənib. Deputatlar hesab edirlər ki, bu, Azərbaycan coğrafiyasının lağ obyektinə çevrilən adlardan təmizlənməsinə, eyni zamanda, bəzi tarixi şəxslərin adlarının əbədiləşdirilməsinə şərait yaradır.
Türk tarixşünasları isə hesab edirlər ki, yer adlarını dəyişməmişdən öncə, toponimşünaslarla məsləhətləşmək lazımdır. Türklər tarix boyu mövcud olduqları coğrafiyanı dəyişdiklərindən, bəzən yeni köçdükləri məkanlara öz tarixi adlarını veriblər.
Zaman-zaman bu adların deyilişi və mənası dəyişib. Amma onlar əski türklərin tarixinin araşdırılması üçün yaxşı örnəklər və ipucları verir. Odur ki, Azərbaycandakı qədim türk məskənlərindəki, bizə ilk baxışdan gülməli və qəribə gələn yer adlarını dəyişməyə tələsməmək, xeyli düşünüb-daşınmaq lazımdır.