BAKI, 8 iyun — Sputnik. Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq cari ilin 8 iyun tarixində Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib.
Sözügedən tədbiri giriş sözü ilə açan xarici işlər naziri Elmar Məmmədyarov, Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə toxundu, onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verdiyini qeyd etdi. Nazir, həmçinin, Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində gördüyü işləri, eləcə də Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi işində əvəzsiz xidmətlərindən danışdı.
Seminarın əsas mühazirəçiləri olan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri çıxışlarında Əziz Əliyevin müxtəlif dövrlərdə fəaliyyətindən söz açdı, onu görkəmli siyasi xadim, istedadlı təşkilatçı və mahir diplomat kimi xarakterizə etdilər.
Əziz Əliyevin ailəsi adından çıxış edən akademik Cəmil Əliyev tədbirin təşkilinə görə nazir Elmar Məmmədyarova təşəkkürünü çatdırdı və natiqlərin çıxışını təqdir etdi. Seminar öz işini mühazirə və müzakirələrlə davam etdirdi.
Tədbirdə XİN-nin əməkdaşları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak edib.