BAKI, 7 iyun — Sputnik. İyunun 8-də Yuğ Dövlət Teatrında Kamal Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerifdir. Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımova məxsusdur.
Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edir.
İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyət qurur. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin elçisi – sevimli qadın səbrlə, lakin güzəştsiz olaraq öz opponentinə "kömək" edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.
Tamaşa saat 19.00-da başlayacaq.
Qeyd edək ki, tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.