Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 7 iyun — Sputnik. Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Güclü zərbə nəticəsində avtomobildə olan iki nəfər — Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Səfərov və Xalid Səfərov hadisə yerində keçiniblər. Çırpılma nəticəsində deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar.
Məlumat olaraq bildirək ki, qəza nəticəsində həyatını itirən hər iki gənc 11-ci sinif şagirdləri olub və hər ikisi bir sinifdə oxuyublar. Faktla bağlı araşdırma aparılır.