İlham Mustafa, Sptnik Azərbaycan
BAKI, 6 iyun — Sputnik. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi cəbhə xətti yaxınlığında yerləşən iri yaşayış məntəqələrimizdən biridir. Bu kənd 26 ildir Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibədən əziyyət çəkir.
Lakin buna baxmayaraq, döyüşlərin ən qızğın vaxtlarında belə, kənd əhalisindən bir nəfər də olsun, evini tərk etməyib. Hətta, kənddən köçüb digər yerlərdə yaşayan insanlar da, müharibə başlayandan sonra yurdlarına dönərək onun qorunmasında qəhrəmanlıqla iştirak ediblər.
Həmsöhbətim olan Elxan Həsənov da müharibədən əvvəl Gəncə şəhərində yaşayıb. Ermənistanın torpaqlarımıza qarşı təcavüzündən sonra şəhərdəki işini ataraq doğma kəndinə dönüb və onun müdafiəsinə qoşulub. Burada həm yaşayıb, həm də döyüşüb. İki dəfə yaralansa da, sağaldıqdan sonra təkrar silaha sarılıb.
Elxan kişi müharibənin od-alovu içərisində atılmaqla yanaşı, kənddə babasından qalan torpaq sahəsində, adını "Baba-Cənnət bağı" qoyduğu möhtəşəm bir bağ salıb. Döyüşdən imkan tapan kimi, çiynində avtomat, əlində bel, mərmi yağışı altında bu bağı becərib. Dəfələrlə düşmən səngəri qarşısından kəndə su xətti açıb, torpaqlar suvarılır.
Hazırda E. Həsənovun 0.45 ha (45 sot) ərazini əhatə edən bağında, 100 növdən olan 700-ə yaxın ağac var. Bu ağacların bir çoxunun adları eyni olsa da, hər biri müxtəlif vaxtlarda bar verir.
Onun bağında həm də bölgə üçün xas olmayan ağaclar — yapon əzgili, ağ zoğal, kivi, portağal, naringi, dəfnə ağacı kimi müxtəlif bitkilər və gül-çiçəklər yetişir. Elxan Həsənovun yaratdığı "Baba-Cənnət bağı" Tapqaraqoyunlu camaatının doğma torpağına bağlılığının əyani bir nümunəsidir.
Bağban müharibə dövründə bağı saxlamaq üçün xeyli çətinliklər yaşadığını deyir: "Mərmi, qəlpə yağış kimi tökülürdü kəndə. Ağaca qəlpə dəyən kimi qurudurdu. Əvəzinə yenisini basdırırdım".
"Bağda elə ağac var ki, 5 dəfə təzələmişəm. Dəfələrlə, ölümü gözə alıb düşmən səngərinin qarşısında arxı açıb, kəndə su gətirmişəm. Bağı qurumağa qoymamışam" – həmsöhbətimiz bildirir.
O, bununla yanaşı, silahı da çiynindən yerə qoymadığını diqqətə çatdırır: "Birinci dəfə güllə yarası aldım. Sağalan kimi yenə gəldim cəbhəyə. İkinci dəfə tank əleyhinə minaya düşdüm. Neçə ay müalicə olundum. Sağlamlığımı itirdim, amma ruhdan düşmədim".
Elxan kişi fəxr edir ki, hər zaman övladlarının, nəvələrinin gözünə dik baxa biləcək: "Onlar biləcəklər ki, mən döyüşmüşəm, qaçmamışam düşmən qabağından. O şəraitdə də bu bağı yetişdirmişəm, saxlamışam onlar üçün".
Bu mərd adam bağının məhsullarını heç vaxt satmayıb. Hər zaman qohum-əqrəbaya, dost-tanışa, ehtiyacı olanlara pay verib…