BAKI, 5 iyun — Sputnik. Amerikalı tibb mütəxəssisləri üçqat neqativ süd vəzi xərçənginə (süd vəzi xərçənginin ən aqressiv forması) xərçəng hüceyrələrini bir-birinə qarşı qoyan antitelin köməyi ilə qalib gəliblər. Onlar bu təcrübə ilə bağlı Çikaqoda Amerika Kliniki Onkologiya Cəmiyyətinin konfransında bəhs ediblər.
"Preparat bu xəstəliyin dərmanı deyil, amma bizim üzərində işlədiyimiz qadın xəstələrin hamısındakı süd vəzi xərçəngi ilə effektiv mübarizə aparıb. Onun sabitləşdirici təsir göstərməsi üçün xeyli zaman tələb olunur. İmmunoterapiyanın yan effektləri az olur və kimyaterapiya ilə müqayisədə ömrü daha uzun müddətə qədər uzadır. Bu, qadınlara süd vəzi xərçəngi ilə mübarizədə yaxşı kömək edir" — deyə Nyu-York Universitetinin (ABŞ) alimi Silvia Adams bildirib.
Son illər molekulyar bioloqlar və tibb mütəxəssisləri xərçəng, allergiyalar, diabet və digər müalicə olunmayan xəstəliklərə immunoterapiyanın köməyi ilə qalib gələcəklərinə xüsusi ümid bəsləyirlər. Bunun səbəbi çox sadədir — alimlər müxtəlif antitellər, canlı mikroblar və digər mikroorqanizmlərin köməyi ilə insan orqanizmində xərçəng hüceyrələrinə qarşı immuniteti möhkəmləndirməyə çalışırlar.
Adams və onun həmkarları belə preparatlardan birinin — pembrolizumabın köməyi ilə ağ ciyərdəki, dəridəki xərçəng növlərinə və limfomalara qarşı effektiv mübarizə aparırlar. Bu antitel şişə deyil, immun hüceyrələrinə təsir göstərir. Bu zaman immun hüceyrələr xüsusi zülalların aqressivləşməsini məhdudlaşdıraraq onların işinə mane olur.
Bu antitelin yüksək effektivliyini görən alimlər onu süd vəzi xərçənginin ən aqressiv formalarının sonuncu mərhələsində olan şişlərə tətbiq ediblər. Antitelin köməyi ilə artıq şişləri tərk edərək bütün orqanizmə yayılmağa başlayan "qiyamçı" hüceyrələr məhv olub.
Bu nəzəriyyəni yoxlamaq üçün Adams və onun həmkarları üçqat neqativ süd vəzi xərçənginin iki müxtəlif növündən əziyyət çəkən qadınları iki qrupa bölərək onlardakı şişin böyüməsini və metastazın inkişafını əngəlləməyə çalışıblar.
Eksperiment nəticəsində antitel bir qrupdakı 5% qadındakı şişlərin ölçülərini 30%, digər qrupda isə 23% ixtisar etməyə nail olub. Metastazı isə həmin qruplarda müvafiq olaraq 21 və 17% dayandırmaq mümkün olub. Şişləri metastaz mərhələsində olan, orqanizminə pembrolizumab yeridilən qadınlar terapiya başa çatandan sonra azı bir il və daha çox yaşayıblar.
Adamsın sözünə görə, bu preparatın əsas üstünlüyü odur ki, orqanizm ona çox yaxşı reaksiya verir. Bu preparatdan yan effektlərə görə imtina edənlər sadəcə 8-12% təşkil edir. Kimyəvi terapiyada isə bu göstəricilər xeyli yüksəkdir, ona görə də bu üsulun tətbiqi xeyli məhdudlaşdırılır və effektivliyi də dəfələrlə azdır.
Adamsın fikrincə, döş xərçəngi ilə mübarizə üçün xüsusi hazırlanmış digər antitellərlə daha çox təsirli nəticələr əldə etmək mümkündür. Çünki onlar xəstə qadınların sağalacaqlarına və yaşayacaqlarına ümidlərini artırır. Bu isə, xərçəngə qalib gəlmək üçün vaxt qazandırır. Əvvəllər vəziyyət daha çıxılmaz idi və pasientlərin ümidsiz olması xərçənglə mübarizədə problem yaradırdı.