BAKI, 5 iyun — Sputnik. Altı ərəb ölkəsindən sonra cənub-şərqi Asiya ölkəsi olan Maldiv adaları da Qətərlə diplomatik əlaqələrini kəsib. Sputnik xəbər verir ki, məlumatı "Əl-Ərəbiyə" telekanalı yayıb.
Qətərlə körfəz ölkələri arasında yaşanan diplomatik böhrana Türkiyə və Rusiyadan da münasibət gəlib. Ankarada alman həmkarı ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, körfəz ölkələrinin Qətərlə bağlı verdikləri qərardan son dərəcə məyus olduqlarını söyləyib. "Heyif ki, belə bir vəziyyət yaranıb. Biz körfəz ölkələri arasında olan birlik və bərabərliyi öz birliyimiz olaraq görürük. Çoxlu sayda birgə yatırımlarımız var. Əlbəttə hər ölkə arasında problemlər yaşana bilər. Ancaq bu problemlər dialoq yolu ilə həll edilməlidir. Vəziyyətin düzəlməsi üçün əlimizdən gələni edəcəyik" — Çavuşoğlu deyib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə deyib ki, bu həmin ölkələrin öz aralarında olan problemdir. "Rusiya dövlətlərin öz aralarında olan probleminə heç vaxt qarışmır" — Lavrov qeyd edib.