BAKI, 5 iyun — Sputnik. Ötən ilin sonlarında Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova Sputnik Türkiyə-yə verdiyi müsahibədə ərinin ölümündən 2 həftə əvvəl Türkiyə hökumətinə etdiyi xahişi yerinə yetirməyi rica edib.
Marina Karlovanın sözlərinə görə, mərhum səfir istəyirdi ki, Rusiyanın Bryansk vilayətində yerləşən Klintsı şəhəri Türkiyə şəhərlərindən biri ilə qardaşlaşsın:
"Andrey bu şəhəri çox sevirdi. Orada onun baba və nənəsi dəfn edilib, atası orada böyüyüb və məktəbi bitirib. Andrey yay tətillərində ora gedər, 2-3 ay qalardı. Buna görə də Klintsı onun balaca vətəni kimi idi. Ölümündən iki həftə əvvəl o dedi ki, çox istəyərdi Klintsı Türkiyənin kiçik şəhərlərindən biri ilə qardaş olsun. Mayın 9-da mən Klintsıya getdim, orada yoldaşımın qohumları, yerli bələdiyyə hakimiyyəti ilə görüşdüm. Onlara Andreyin bu son arzusunu çatdırdım. Onlar bu təklifə böyük maraqla yanaşdılar və bu addımı atmağa hazır olduqlarını bildirdilər, bununla bağlı XİN-ə müraciət etdilər. Əgər Türkiyə tərəfi bu təşəbbüsü dəstəkləsə, çox şad olaram. Bu, mənim həyat yoldaşımın xatirəsinə ən yaxşı abidə olardı".
Karlova Ukraynanın Çernobıl şəhərinə yaxın ərazidə yerləşən Klintsı şəhərində nüvə fəlakəti nəticəsində xəstə doğulmuş uşaqların olduğunu xatırladaraq deyib: "Klintsı həm də Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan payını alan qonşu bölgələrdən biridir. Orada Çernobıl şəhərindən gələn çox sayda insan yaşayır. Çernobıl qəzasının təsiri altında olan çox sayda xəstə uşaqlar var. Bu uşaqlar üçün Türkiyəyə səyahətlər təşkil edə bilərik. Bu, tətil də ola bilər".
Səfirin həyat yoldaşı Rusiya-Türkiyə münasibətlərinin inkişafının vacib olduğunu da dilə gətirib: "Türkiyə gözəl insanları ilə birlikdə gözəl ölkədir. Mənim yoldaşım ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün əlindən gələni edirdi. Mən onun işlərini davam etdirməyə, Rusiya-Türkiyə əlaqələrinin inkişafına əlimdən gələn köməyi göstərməyə hazıram" — deyə Karlova bildirib.
Bu arada Rus-Türk İş Adamları Birliyi (RTİB) Moskvada türk şairi Nazim Hikmətin xatirə gecəsini təşkil edib. Gecədə "Nazım Hikmət adına dostluq mükafatı"na bu il layiq görülən şəxslərin adları açıqlanıb: Rusiyanın mərhum səfiri Andrey Karlov və sənətkar Rutkay Əziz. Mərasimdə Karlovun mükafatını Türkiyənin Moskvadakı səfiri Hüseyin Diriöz Marina Karlovaya təqdim edib.