BAKI, 3 iyun — Sputnik. Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN mətbuat xidmətindən məlumat verilib.
Cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.
Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.