BAKI, 3 iyun — Sputnik. Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Hətta, sağlam olmaq istəyirsənsə, oruc tut deyirlər. Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Amma bir qrup xəstəliklər də var ki, bu zaman oruc tutmaq məsləhət görülmür. Əgər belə xəstəliyi olan şəxs oruc tutarsa, onun səhhətində çox böyük problemlər yarana bilər. Şəkərli diabet də bu xəstəliklər sırasına daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinə ATU-nun Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova məlumat verib.
Şəkərli diabet xəstələrinin oruc tutmasının nə dərəcədə doğru olmasından danışan həkim deyib: "Oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur. Müəyyən kateqoriyaya aid olan insanlar var ki, onlar oruc tutmaqdan azad olunurlar. Bunlar hamilə qadınlar, uşaqlar, süd verən qadınlar və bir sıra xəstəlikləri olanlardır. Şəkərli diabet xəstələri də bu qrupa daxildir. Eyni zamanda I tip diabet xəstələri, tam insulin terapiyası alanlar, qanda şəkərləri tənzimlənməyənlərə oruc tutmaq qətiyyən məsləhət görülmür. Bəzi diabet xəstələri israrla oruc tutmaq istəyirlər. Bununla əlaqədar bir sıra müsəlman ölkələrində aparılan tədqiqatlardan məlum olub ki, bəzi qrup diabetli xəstələr oruc tuta bilərlər. Sadəcə buna 2-3 ay əvvəldən hazırlaşmaq lazımdır. Həmin xəstələr həkiminin konsultasiyalarına gələ bilər və orucluq müddətində şəkərlərini necə tənzimləmələrini öncədən danışa bilərlər. Belə xəstələr üçün saatlarla ac və susuz qalmaq daha böyük risk yaradır. Orqanizm susuzlaşır və tromb əmələ gəlmə ehtimalı artır. Orucluqda bəzi insanlarda çəkidə artımı da müşahidə olunur. Buna səbəb qısa müddətdə və qeyri düzgün qidalanmadır. Bu xəstəlikdən əziyyət çəkənlərin oruc zamanı qəfil şəkərləri və ya təzyiqləri "oynaya" bilər. Ürəkgetmə ehtimalı da istisna edilmir. Bu səbəbdən onlar xüsusilə qidanlanmalarına və gün ərzində bədən balansını qorunması üçün bol maye qəbul olunmasına diqqət yetirməlidirlər.
Dənli bitkilərlə zəngin qidalara, paxlalı bitkilərə, quru meyvələrə, zülal, yağ, yağsız süd, kəsmik və bu kimi bir sıra digər qidalara üstünlük vermək olar. Belə ki, bunlar orqanizmdə ehtiyat yaradan qidalardır. Bu qidalar normanı gözləmək şərtilə qəbul edilməlidir.
Dərman müalicəsi alan xəstələr isə mütləq pəhrizlərinə fikir verməlidirlər.
Xüsusilə həm imsak, həm də iftar vaxtı karbohidrat qəbul edənlər bu bölgünü düzgün aparılmasına diqqət yetirməlidirlər. İftar vaxtı daha tez həzm olunan qidaları, imsak vaxtı isə gec həzm olunanları qəbul etməlidirlər. Dərman qəbul edən xəstələrin bu həblərin hansı qrupa aid olduğunu nəzərə almaları vacibdir. Belə ki, bəzən dərmanın qrupundan asılı olaraq xəstədə həbi qəbul etdikdən sonra şəkərin düşməsi halı müşahidə edilir. Bu da həyati təhlükə deməkdir. Onu da qeyd edim ki, belə xəstələr bəzən orucu qəti olaraq dayandırmağa məcbur da ola bilirlər. Misal üçün əgər orqanizmdə şəkərin miqdarı 3,3-dən aşağı düşərsə və ya 300 mq-dan artıq olarsa bu zaman xəstə orucu tam dayandırmalıdır. Bu hallar xəstənin sağlamlığı üçün təhlükəlidir. Diabetli xəstələr üçün fiziki aktivlik də böyük əhəmiyyət kəsb edir".