BAKI, 3 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində "VAZ-21011" markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan Post-patrul bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılaraq zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu Polis Bölməsinə gətirilib.
Gecə vaxtı olmasına baxmayaraq 30-cu Polis Bölməsinin əməkdaşlarının təxirə salınmadan həyata keçirdikləri əməliyyat tədbirləri ilə həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olması, həmçinin üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə — paytaxt sakini Hacıağa Mirzəyevə məxsus "VAZ-2106" markalı avtomobilə məxsus olması aşkar edilib.
Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb, V.Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.