BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı" təsdiq edilsin.
2. Həmin Sərəncamla yaradılmış Komissiya:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".