BAKI, 2 iyun — Sputnik. Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" seminarında deyib.
Onun sözlərinə görə, insanların əmək hüququ qanunvericilik bazasında da yer alıb: "Bu qanunlar praktiki olaraq gerçəkləşdirilir. Bu istiqamətdə prezident İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb".
Nazir bildirib ki, 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib: "Bu da ölkə əhalisinin 23,7 faizini əhatə edir".
"Azərbaycan əhalisinin əmək və sosial təminat hüquqları ölkə Konstitusiyasında öz əksini tapıb, bu hüquqların həyata keçirilməsi üçün fundamental əsasları təsbit olunub və geniş qanunvericilik bazası yaradılıb" — Müslümov vurğulayıb.