BAKI, 1 iyun — Sputnik. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) may ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatını keçirdi. Sputnik Azərbaycan xəbər verir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı. O, təqdimatlar vasitəsilə ictimaiyyətin, oxucuların diqqətini yeni kitablara cəlb etməyə, fondlardakı ədəbiyyatları tanıtmağa çalışdıqlarını vurğuladı.
Təqdimatçı MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli daxil olan kitablar, elmi jurnallar və elektron resurslar haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. Təqdimatçı Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda təbliğ etmək məqsədi ilə MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla qarşılıqlı əməkdaşlıq etdiyini vurğuladı. A. İbrahimli MEK-in həyata keçirdiyi Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verdi. MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə vermək olduğunu bildirdi. Daha sonra təqdimatçı MEK-in may ayı ərzində hədiyyə yolu ilə 259 kitab, 355 jurnal, pulsuz məcburi nüsxə olaraq 180 kitab, 81 jurnal, 93 avtoreferat, 15 dissertasiya, 38 elektron vəsait əldə etdiyini açıqladı və bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verdi.
"Multikulturalizm Panaseya yoxsa alternativ" adlı kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitabın multikulturalizm barədə müasir dünya elmi ədəbiyyatındakı müzakirələrlə tanışlıq xarakteri daşıdığını bildirdi. Demək olar ki, dünyanın əksər dövlətlərinin multikultural olduğunu, lakin heç də bütün multukultural dövlətlərdə multikulturalizmin mövcud olmadığını qeyd etdi. Kitabda Azərbaycandakı birgəyaşayış modeli və siyasətinin multikulturalizmin hansı tələblərinə cavab verdiyini, interkulturalizmin bir sıra elementlərinin araşdırıldığından danışdı. N.Məmmədli Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib" fikrini səsləndirərək multikulturalizmin Azərbaycandakı təzahüründən və gələcək inkişaf yollarından söz açdı.
Tarix üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov MEK-in fondlarında saxlanılan və o cümlədən yeni daxil olan kitabların təqdimatının keçirilməsi ənənəsinin elmi ictimaiyyət üçün önəmindən danışdı. Həmmüəllifi olduğu "Azərbaycan tarixi" kitabı haqqında məlumat verdi. Kitabın Rəşid Rzayevin 50 ildən artıq şəxsi kolleksiyasında topladığı, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən 260 ədəd seçmə qızıl, gümüş və misdən hazırlanmış numizmatik materialdan bəhs etdiyini qeyd etdi. Kitabın əlamətdar cəhətlərindən birinin mətnlərin üç dildə — azərbaycan, rus, ingilis — verilməsi olduğunu xüsusi vurğuladı.
Tarix üsrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Vaqif Abışov tədbirlə bağlı fikirlərini bölüşərək mədəniyyətimizin, tariximizin təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. MEK-ə təqdim etdiyi "Azərbaycan SSR qurulmasının tarixşünaslığı" adlı monoqrafiyada 1917-1920-ci illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr, Bakı Xalq Komissarları Sovetinin qurulması, AXC-nin devrilməsi, Azərbaycan SSR-in qurulması kimi məsələlərin Türkiyə, Qərb tarixşünaslığında öyrənilməsindən bəhs etdi. AMEA Tarix İnstitutunda toplanan arxiv materiallarının, məlumat, sənəd və faktların MEK-ə təhvil verilməsini təklif etdi.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Mərkəzi Elmi Kitabxananın fondları, beynəlxalq kitab mübadiləsi, Milli Rəqəmsal Yaddaş bazası və yeni daxil olan kitabların 15 gün müddətində sərgilənməsi haqqında məlumat verdi.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.