BAKI, 1 iyun — Sputnik. Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki, hökumətə mümkün zəlzələlərlə bağlı hesabat verib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, nazir hesabatında, İstanbulda 7 baldan artıq zəlzələ olacağı təqdirdə, 600 minə yaxın evin dağılacağını deyib.
Mehmet Özhaseki qabaqlayıcı tədbirlər üçün işlər görüldüyünü, 15 il ərzində tək İstanbulda yox, ümumilikdə Türkiyədə zəlzələyə davamsız bina qalmayacağını bildirib: "Təkcə İstanbulda 150-200 min qəzalı bina var. Bunların restavrasiyası və ya yeniləri ilə əvəz olunması üçün işlər görülür".
Ekologiya naziri sonda əlavə edib ki, 2030-cu ilə qədər İstanbul və ətraf bölgələr üçün güclü yeraltı təkan gözlənilir: "Bu barədə elm adamları açıqlama veriblər. Biz də bu böyük fəlakətdən ən az zərərlə çıxmaq üçün var gücümüzlə çalışırıq".