BAKI, 31 may — Sputnik. Azərbaycan Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, "Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması" mövzusunda keçirilən tədbiri parlament sədrinin müavini Bahar Muradova açıb.
B. Muradova bildirib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir.
"Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir" — vitse-spiker vurğulayıb.
İclasda AŞPA-nın alt komitəsinin sədri Baronessa Dorin Massey çıxış edərək bildirib ki, internet uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər: "AŞPA uşaq təhlükəsizliyinə ciddi önəm verir".
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib ki, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsinə böyük önəm verilir: "Bu istiqamətdə müzakirələrin və fikir mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir".
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil etdiyini bildirib: "Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və uşaqlara qayğı ildən-ilə artır. Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub".