İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Qəbələ rayonunun Vəndam qəsəbəsi, öz abadlığına və müasirliyinə görə bəzi rayonlarımızı da geridə qoyur. Lakin məsələnin görünməyən tərəfləri də varmış.
Vəndam dedikdə, ilk ağla gələn yol kənarında yerləşən təmtəraqlı "Vedrə bazarı"dır. Ancaq "Vedrə bazarı"ndan keçib, bir qədər qəsəbənin içərilərinə doğru irəlilədikdə, palçıqlı, gölməçələr əlindən keçilməz vəziyyətə düşmüş mənzərə ilə qarşılaşırsan. Bu yollardan bir dəfə keçənlər üçün, Vəndam dedikdə, artıq rəngbərəng, göz oxşayan, mənzərələrin o qədər əhəmiyyəti qalmır.
Əslində, Qəbələnin Vəndam qəsəbəsində qışda palçıq, yayda isə toz əlindən dayanmaq olmur. Qəsəbənin Hasıllı adlanan məhəlləsində isə yoldan söhbət belə, gedə bilməz.
Ərazidən keçən artezian xəttindən sızan su yolu daha da bərbad hala salıb. Yaxınlıqda yerləşən məktəbə getmək üçün hər gün buradan keçən onlarla şagird palçığa batmış halda geri qayıdır.
Problemi Sputnik Azərbaycan-a danışan sakinlər, dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma bir nəticənin olmadığını bildirirlər. Məsələ ilə bağlı qəsəbə bələdiyyəsindən isə əməkdaşımıza bildirilib ki, əraziyə baxış keçirilib, tezliklə problemin həlli istiqamətində addımlar atılacaq.