BAKI, 30 may — Sputnik. Böyük satirik şair, maarifçi və mütəfəkkir Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.
Atası Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi deyə, oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu, 12 yaşı olanda isə Sabir sonra Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, yaradıcılıq həvəsini artırırdı.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə "Şərqi-Rus" qəzetində, bir qədər sonra isə "Həyat" qəzetində şerləri çap olunur, 1906-cı ildə şair "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. Elə həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır və hər iki sənətkar xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurur. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar Sabirin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır, sonra Balaxanı məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə yanaşı şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağ ciyər xəstəliyindən vəfat edir və dünyaya göz açdığı Şamaxıda, "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə həyat yoldaşı və dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi nəticəsində "Hophopnamə" adı ilə şerləri çap olunur, 2i il sonra isə xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür.