BAKI, 30 may — Sputnik. "Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib. Bu tarixçə hamıya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür".
Sputnik Azərbaycan xəbər verir ki, bu açıqlamanı, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov, Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda bildirib. "Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır" — Rüstəmov bildirib.
Bununla belə, o, bəzi spesifik addımlar barədə də danışıb: "Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Hətta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə (1,92 — red.) müqayisədə 11% ucuzlaşıb. İlin əvvəlindən isə manat 4% bahalaşıb".
"Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər" — AMB rəhbəri qeyd edib.
E. Rüstəmovun sözlərinə görə, ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi — real məzənnəsi 50%-dən çox zəifləyib: "Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib".
Baş bankir daha bir açıqlama verib: "Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi".
O, ölkədə pul siyasətinin çox konservativ olduğunu iddia edənlərlə də razılaşmadığını açıqlayıb: "Bu, belə deyil. Ölkədə kifayət qədər likvidlik profisiti var. Bu gün depozit hərraclarında 500-700 mln. manatın qiymətli kağızlara yerləşdirilməsini istəyirlər. Pul bazarında yaranan problemləri Mərkəzi Bank operativ şəkildə həll edir".
AMB rəhbəri ilin sonunadək manatın ucuzlaşmasını gözləmədiyini deyib: "Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı risk görmürəm. Cari büdcə ilinin sonunadək manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur".