BAKI, 30 may — Sputnik. Bu gün səhər Səbail rayonunun Bayıl qəsəbəsində, yanacaqdoldurma məntəqəsinin yanında iki avtomobil toqquşub. Hadisə nəticəsində Post Patrul Xidmətinin (PPX) əməkdaşı hadisə yerində ölüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin qarşısında "Fiat Doblo" markalı PPX avtomobili "Porsche" markalı avtomobillə toqquşub. Nəticədə PPX-nın 24 yaşlı əməkdaşı çavuş Emin Zeynalov dünyasını dəyişib.
Onun subay olduğu bildirilir. Digər bir şəxs isə hadisə zamanı yaralanıb.
Hadisənin şahidlərinin Facebook-da verdikləri məlumata görə, polis əməkdaşı zərbənin təsirindən yerə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır.