BAKI, 28 may — Sputnik. Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nail ailənin ortancıl oğludur və əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olduğunu bildirib.
Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib.
1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölü vəziyyətdə tapılıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Beş il əvvəl həyat yoldaşı Əlövsət Məhərrəmovu itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir. Onun qətlində ortancıl oğlu Nail şübhəli bilinir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.