ELM

Nazirliyin favorit onluğu: onlara niyə xüsusi imtiyaz verilib?

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bu, obyektiv yanaşma deyil. Bütün müəllimlər Azərbaycan vətəndaşları olaraq eyni hüquqlara, vəzifələrə malikdir və iş şəraiti hamı üçün uyğun, müvafiq olaraq qurulur".

BAKI, 26 may — Sputnik. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı tətbiq olunacaq yeniliklərin detallarını açıqlayıb. Nazirliyin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir.

Müəllimlərin imtahanı - Sputnik Azərbaycan
ELM
Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal

"Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsa da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar" — Bağırov bildirib.

Seçilmiş müəssisələrin respublikada ən yüksək akademik göstəricilərə malik olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştiraka ehtiyac yoxdur: "Sadəcə olaraq, həmin namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq".

© Photo : STRƏjdər Ağayev, təhsil eksperti
Əjdər Ağayev, təhsil eksperti - Sputnik Azərbaycan
Əjdər Ağayev, təhsil eksperti

"Gələcəkdə Təhsil Nazirliyi, tabeliyində olmayan, ancaq yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmək və s. aiddir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur" — TN təmsilçisi vurğulayıb.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, müsabiqədənkənar müəllim işə qəbul etmək hüququ verilən müəssisələrdə çox keyfiyyətli təlim aparılır və müəyyən yeni texnologiyalardan istifadə olunur. Bununla belə, ekspert, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin bu siyahıya niyə daxil edildiyini başa düşmür.

"Ümumi mənada təhsil sisteminə kompleks, ədalətlə və hamıya eyni gözlə baxılırsa, onda bu məktəblər niyə xüsusi icazəli, imtiyazlı olmalıdır? Bu, obyektiv yanaşma deyil. Bütün müəllimlər Azərbaycan vətəndaşları olaraq eyni hüquqlara, vəzifələrə malikdir və iş şəraiti hamı üçün uyğun, müvafiq olaraq qurulur. İşə qəbul ilə bağlı müəllimin bacarığı varsa, yüksək qiymət ilə qəbul et, bacarığı zəifdirsə, təkmilləşdir. Bunu məqbul hesab etmirəm" — Ə. Ağayev bildirib.

Ekspert istəyir ki, bütün ümumi təhsil məktəblərində diaqnostik imtahan tətbiq olunursa, eyni səviyyədə, qaydada tətbiq olunsun və iş təminatı eyni qaydada yerinə yetirilsin.

Təhsil eksperti Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında bu yeniliyi müsbət qiymətləndirib: "Azərbaycanda 2000-ci illərədək müəllimlərin, direktorların işə qəbulu yerli təhsil orqanları tərəfindən həyata keçirilib. Sonra isə bu məsələ ilə bağlı qaydalarda 15-dən çox dəyişiklik edilib. 1999-cu ildə hazırlanmış və mərhum prezident tərəfindən təsdiq olunmuş İslahat Proqramında göstərilib ki, təhsildə səlahiyyətlər, funksiyalar yerlərə verilməlidir. Təhsil naziri Mikayıl Cabbarov dəfələrlə belə bir ifadə işlədib ki, müəllimlərin işə qəbulunun məktəb direktorlarına, məktəb direktorlarının işə təyinatının yerli təhsil idarəetmə orqanlarına həvalə etmək üzərində iş gedir".

© Sputnik / Murad OrujovNadir İsrafilov
Nadir İsrafilov - Sputnik Azərbaycan
Nadir İsrafilov

Onun fikrincə, birdən-birə bunu tətbiq etmək olmaz: "Ona görə də, bu, mərhələlər üzrə, yəni pilot şəklində həyata keçirilir. İlkin olaraq 10 məktəbə belə bir səlahiyyət verilir. Bu müəssisələr göstəricilərinə, nüfuzuna görə hələ ki, özlərini doğruldur. Biz təhsildə həddindən artıq mərkəzləşdirmə aparmışıq. Çalışmalıyıq, bu məsələlər ərazi üzrə həll olsun. Yəqin gələcəkdə səlahiyyətlərin yerlərə verilməsi istiqamətində addımlar atılacaq".

Qeyd edək ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.

Xəbər lenti
0