"Mən adətən iki aydan bir yeni mahnı təqdim edirəm". Mayın 26-da “Sputnik Azərbaycan” beynəlxalq informasiya agentliyinin multimediya mərkəzində keçirdiyi mətbuat konfransında məşhur müğənni Damla jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
“Son zamanlar artıq mahnılarımı kliplə bərabər təqdim edirəm. Sadəcə bizim burada işlərimiz çox üst-üstə düşdü. Alanyada olduğumuz vaxt klip çəkildi. Bu yaxınlarda başqa bir dövlətdən də təklif almışıq” — o bildirib.
“Onların rəhbərləri ilə, prodüsserləri ilə əlaqələr qurduq. Düşündük ki, Almaniyaya getsək verdiyimiz sözü tuta bilməyəcəyik. Bildiyiniz kimi mən Almaniya konserti ilə bağlı instagram səhifəmdə heç nə paylaşmamışam. Biz Almaniya tərəfinə də bu haqda məlumat vermişdik. Sonradan xəbərlər yayıldı ki, “Damlaya viza vermədilər”. Belə bir şey yoxdur”. Müğənni Almaniya konsertinin alınmaması ilə bağlı ətraflı açıqlama vermək niyyətində olmadığını bildirib.
Damlanın digər açıqlamaları ilə youtube-də “Sputnik Azərbaycan” kanalında tanış ola bilərsiniz.