BAKI, 25 may-Sputnik. 2016-cı ildə 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, təqdim edilmiş layihələrin 45%-i kənd təsərrüfatı, 55%-i isə sənaye sahələrində olmaqla onların 40%-i Bakıətrafı qəsəbələr və Abşeron rayonu, 60%-i isə regionların payına düşür.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərində yoxlamalar ötən il ərzində əvvəlki ilə nisbətən 1000 dəfə azalıb. Bu da sahibkarlara müdaxilələrin azalmasına, onların daha sərbəst fəaliyyətinə şərait yaradıb. Nazir müavini bildirib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib.