BAKI, 25 may — Sputnik. Azərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib. Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.
Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.
Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, 15 iyun — Milli Qurtuluş Günü ilə əlaqədar həmin gün də iş günü olmayacaq.