BAKI, 24 may — Sputnik. "Bu gün ən önəmli məsələlərdən biri odur ki, işə cəlb edənlər tərəfindən bəzi hallarda xarici vətəndaşları Azərbaycana dəvət etməsi, işə götürməsi qaydaları pozulur".
APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə bildirib.
DMX rəisi qeyd edib ki, bəzi hallarda turist vizası ilə ölkəyə gələn şəxsləri iş adamları işə cəlb edirlər: "Nümayəndəlik və filiallar var ki, fəaliyyətlərini yoxladığımız zaman onların müəyyən qanunsuzluqlara yol verdikləri məlum olur. Hətta onların fəaliyyəti yoxdur. Buna baxmayaraq, onlar iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Burada sual yaranır. Əgər bunların faktiki iş yeri yoxdursa, nə üçün müraciət edirlər?".
F. Nəbiyev deyib ki, Azərbaycanda dinindən, milliyyətindən, mədəniyyətindən asılı olmayaraq hər bir əcnəbiyə yanaşma Azərbaycan vətəndaşına olan münasibət səviyyəsindədir: "Bunu ona görə deyirəm ki, bəzi ölkələrdən müəyyən müddət ərzində gəlib burada işləyib başqa ölkəyə tranzit getmə halları var. Bəzi iş adamları onlara şərait yaradır. Bu halların da qarşısı alınır. 2016-cı ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Banqladeş vətəndaşlarından ibarət 7 qrup aşkarlanıb".
Xidmət rəisi əlavə edib ki, bəzi mehmanxana sahibləri xarici vətəndaşları mehmanxanalara qəbul edərkən onları qeydiyyatdan keçirmir.