BAKI, 24 may — Sputnik. Son zamanlar regionda baş verən siyasi, hərbi proseslər dondurulmuş münaqişələrin yenidən alovlana biləcəyini istisna etmir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da hərbi variantın mümkünlüyü çağırışları eşidilməkdədir.
Münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparan ATƏT-in Minsk Qrupu hələ ki, ciddi bir nəticə əldə edə bilməyib. Odur ki, zaman-zaman Minsk Qrupundan imtina və ya formatının dəyişdirilməsi məsələləri gündəmə gətirilir və daha çox Türkiyənin adı hallanır. Ankaranın bölgədə artan nüfuzu belə bir sual yaradır: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas fiqura çevrilə bilərmi?
Nəzərə alsaq ki, Türkiyə, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq öhdəlikləri var, adıçəkilən ölkələr Minsk Qrupunun üzvləridir, hətta Vaşinqton, Paris və Moskva həmsədridir, bu suala müsbət cavab vermək mümkündür. Digər tərəfdən, Türkiyə münaqişənin həllində maraqlıdır. Ən azı ona görə ki, Qarabağda hərbi əməliyyatlar bərpa edilərsə, prosesə bu və ya digər baxımdan Ankara da qatılmış olacaq. Bu isə Ankara-Moskva qarşıdurması ilə başa çata bilər. Türkiyə isə bunda maraqlı deyil.
Son 100 ilə baxsaq, Türkiyə Rusiya ilə hərbi qarşıdurmadan çəkinib. Ona görə də, Türkiyə münaqişənin həllində dinc vasitələrin işə salınmasına çalışır. Eyni zamanda, Türkiyə qlobal layihələrə cəlb olunub və enerji daşıyıcılarına malik olmadığından, tranzit ölkə kimi aparıcı rol alır. Bu baxımdan Cənubi Qafqazda hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altında qoya bilər.
Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə bəyan edib ki, Ankaranın İrəvanla münasibətlərini qaydaya salmasının ilkin şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərə bilər.
Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində, ən azından bu yöndə hansısa irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Lakin problem yalnız Qarabağla bağlı deyil. Türkiyənin özünün Ermənistanla münasibətlərində həllini tapmamış ciddi problemləri var.
Bu sıraya qondarma "soyqırımı" və Türkiyəyə qarşı ermənilərin ərazi iddiaları daxildir. Ankara öz maraqları çərçivəsində həmin problemləri həll edə bilsəydi, pozitiv bir məqam ola və Qarabağ probleminin də həllinə pozitiv təsir göstərə bilərdi.
Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə, Azərbaycan üçün daha qəlizi Ankara ilə Moskva arasındakı münasibətlərin hansı müstəviyə transfer edəcəyidir. Nəzərə almaq lazımdır ki, Türkiyənin indiki hakimiyyəti öncəki xarici siyasət vektorunda ciddi dəyişikliklər edir. Ankara sanki Qərbdən uzaqlaşır. Türkiyənin Avropa Birliyinə qəbulu prosesi uzadılır, üzvlük perspektivi real sayılmır. Qərbdən uzaqlaşan Türkiyə həm də islam dünyasına yaxınlaşır. İslam dünyasının liderinə çevrilmək cəhdlərində bulunan Ankara Azərbaycanla münasibətlərinə yetərincə qiymət vermir.
Bütün bunlara baxmayaraq, Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə bir olmalıdır. Lakin görünən budur ki, bölgədə savaş qaçılmazdır. Ehtimal etmək olar ki, Türkiyə Suriyaya hərbi müdaxiləsini davam edəcək. Azərbaycan Türkiyəni müdafiə etməlidir, lakin baş verə biləcək olaylardan da özünü sığortalamalıdır. Baş verən hadisələrin fonunda rəsmi Bakı üçün soyuqqanlı olmaq və emosiyasız qərar vermək lazım gələcək.
Təhlillər onu deməyə əsas verir ki, Türkiyə son zamanlar bir sıra güc mərkəzlərinin açıq təzyiqi ilə üzləşib. Türkiyə bu məsələdə NATO-nun yardımına bel bağlaya bilmir. Ankaranın beynəlxalq təcridi məsələsi də gündəmə gələ bilər. Elə bu amil də Türkiyənin Suriyaya hərbi müdaxiləsini davam etdirməyi aktual edir. Ankara öz sərhədlərini qorumalı və kürd separatçılığının kökünü qazımalıdır. Türkiyənin radikal addımlar atmaqdan başqa yolu qalmır.
Türkiyə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atır. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür. Prinsipcə, bu, neoosmanlıçılıq siyasətidir…