BAKI, 24 may — Sputnik. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov son günlərdə mediada və sosial şəbəkələrdə aparılan "tədris ili 1 sentyabrda başlansın —25 mayda bitsin" müzakirələrinə cavab verib. O bu barədə facebook səhifəsində yazıb.
Valehov qeyd edib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq olub: "Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik ".
Valehov sonda qeyd edib ki, qarşıda 12 illik təhsil sisteminə keçid də gözlənilir.