BAKI, 24 may — Sputnik. Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini davam etdirir. Bakı Şəhər Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 23-ü axşam saatlarından etibarən, mayın 24-ü gecə saatlarınadək Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq.
Bu səbəbdən göstərilən müddət ərzində Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.