Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yaşınız 18-dən aşağı və 35-dən yuxarıdırsa...

© Photo : piter4people.ruHamilə qadınlar
Hamilə qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Qadınların hamiləlik dövründə mütəmadi müayinədən keçməməsi, qandakı mikrobların yoxlanılmaması, dölün vəziyyətinin öyrənilməməsi də uşaq və ana ölümü riskini artırır"

BAKI, 23 may — Sputnik. Hamiləlik qadının həyatında çox xoşbəxt, eyni zamanda çətin və məsuliyyətli bir dövrdür. Bu dövrün ağırlığını, yükünü hər qadın öz həyat tərzinə, həyata baxışına, psixoloji vəziyyətinə uyğun daşıyır: qayğıkeş və məsuliyyətli analar daim həkim nəzarətində olur, vaxtaşırı lazım olan müalicələri alır.

HADİSƏ
Hamilə qadın dünyasını dəyişdi

Son zamanlar gündəmdə olan xəbərlərə nəzər yetirsək, görərik ki, ana və uşaq ölümlərinin sayı artıb. Belə xəbərlər hətta bizi ciddi şəkildə sarsıdırsa, bəs hamilə qadınlara psixoloji cəhətdən necə təsir edir? Axı məlumdur ki, istənilən məyusedici xəbər gələcək anaları dəyişkən psixoloji əhvala salıb, güclü ölüm fobiyası ilə üz-üzə qoyur. Bu vəziyyətin doğulacaq körpəyə verəcəyi ziyanı düşünmək isə elə də çətin deyil.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb. Bu da 2015-ci illə müqayisədə 2 nəfər azdır. Körpə ölümü isə 2016-cı ildə 1,7 min nəfər olub. Yəni, hər 1000 körpədən 11,4-ü ölüb.

Ana olmağa hazırlaşan 24 yaşlı Naz Abbasova ilk övladını dünyaya gətirməyə hazırlaşır. "Doğuş zamanı, doğuşdan sonra ölən qadınlar haqqında eşidəndə qorxuram. Düzdür, 6 aydır qeydiyyatdayam, vaxtaşırı müayinədən keçirəm, amma yenə qorxu var. İstəyirdim, qeysəriyyə əməliyyatı etdirim, qaynanam icazə vermir. Görək necə olacaq" — Sputnik Azərbaycan-ın həmsöhbəti deyir.

Lənkəranda gənc ana doğuş zamanı ölüb - Sputnik Azərbaycan
Lənkəranda 18 yaşlı qız doğuş zamanı dünyasını dəyişib

Onun dediyinə görə, özəl xəstəxanaları birində həkim tanışları var və doğuş onlara 900 manata başa gələcək.

Nigar Mehdiyevanın isə 38 yaşı var, o da ilk övladına hamilədir. Deyir ki, yaşı çox olduğu üçün doğuşdan qorxur: "Bu, mənim ikinci evliliyimdir. Birinci evliliyimdə övladım olmadı. İndi hamiləyəm, amma yaşım çox olduğu üçün doğuşdan qorxuram. Həkimlə danışmışam. İstəyirəm, qeysəriyyə etsinlər".

Ginekoloq Yayla Babayevanın Sputnik Azərbaycan-a danışdığına görə, ana ölümlərinin əsas səbəbi qadınların hamiləliyin ilk dövrlərindən həkimə müraciət etməməsidir: "Belə hallar daha çox regionlarda baş verir. Bölgələrdə, Bakı kəndlərində qadınlar hamiləliyin ilk aylarından həkim nəzarətinə düşmürlər. Bunu bəzi şəxslər maddi imkansızlıqla əlaqələndirir, digərləri isə bu nəzarət dövrünün həkimlər tərəfindən uydurulduğunu iddia edirlər".

"Çox zaman qayınanalar və ya gəlinin digər yaxınları qadının həkim nəzarətində olmasının tərəfdarı olmurlar. Hətta mən özüm də qayınananın gəlinə "bizim vaxtımızda nəzarət yox idi, heç ölmürdük də" deməsinin şahid olmuşam. Qayınanalar başa düşməlidir ki, onların dövrü ilə indiki dövr eyni deyil. Qadınlarda ginekoloji baxımdan zəifləmələr müşahidə edilir. Bu, ətraf mühit və ekoloji vəziyyətlə əlaqədardır" — mütəxəssis izah edir.

Y. Babayeva vurğulayır ki, qadın hamiləliyini hiss etdiyi vaxtdan etibarən həkimə müraciət etməli, müəyyən analizlər verməli, qeydiyyata düşməlidir: "Bu analizlər hər 3 aydan bir təkrarlanmalıdır. Hamiləlik dövrü ərzində əlavə xəstəliklər yoxdursa, döl ən çoxu 4 dəfə USM-lə müşahidə edilməlidir. Hamilə qadının nəzarəti bir həkim tərəfindən aparılmalıdır. Əgər ehtiyac duyurlarsa, müalicə olunmalıdır. Vaxtın tamamında hamilə qadının 9 aylıq həkim nəzarətinin xronologiyası doğuş həkiminə təqdim edilməlidir. Həkim xəstənin epikrizi ilə tanış olub onda olan problemlərdən xəbərdar olmalıdır ki, doğuş zaman baş verə biləcək fəsadların qarşısını ala bilsin".

Əl-ələ tutmuş qadın və kişi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kişilərə 70, qadınlara 40 yaş senzi

Həkimin sözlərinə görə, doğulan uşaqlar arasında, ən azı 2 il fərq olmalıdır: "Bu, qadının sağlamlığı üçün çox önəmlidir. 2 ildən tez hamilə qalmaq qadını yorur. Çünki hamiləlik qadın həyatı üçün yorucu keçir. 18 yaşından əvvəl və 35 yaşından sonra hamilə qalmaq ana və uşağın həyatı üçün olan riskləri artırır".

"Bununla yanaşı, qadınların hamiləlik dövründə mütəmadi müayinədən keçməməsi, qandakı mikrobların yoxlanılmaması, dölün vəziyyətinin öyrənilməməsi də uşaq və ana ölümü riskini artırır" — ekspert əlavə edir.

"Güzgü" Dəyişim İnkişaf Mərkəzinin direktoru, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, son zamanlar KİV-də yayılan ana və körpə ölümü xəbərləri övlad arzusunda olan qadınlarda qorxu yaradır: "Elə qorxu da ölümə səbəb ola bilər. Bu gün doğuşa gedən çox az ana olar ki, ölüm haqqında düşünməsin".

"Belə xəbərlərin yayılması qadınlarda özlərinə qarşı inamsızlıq yaradır. Əslində isə qadın doğuşa gedərkən özünə inamlı olmalı, "mən bacaracağam", "mən yaşayacağam", "körpəm salamat olacaq" deməlidir" — psixoloq qeyd edir.

Müsahibimiz bildirir ki, inamsızlıqla, qorxu ilə doğuşa girmək insana bioloji olaraq da təsir edir. Qan dövranını sürətləndirir, ürək döyüntüsünü artırır. Eyni zamanda psixoloji olaraq da insanı məhv edir: "Ana olmağa hazırlaşan qadın televiziyadan və informasiya saytlarından uzaq olmalıdır. Özünə inamlı olmaq insanı ölümdən də qoruya bilir. Gələcək ananın və körpənin fiziki-psixoloji vəziyyəti hamiləlik dövründən çox asılıdır. Buna görə də, gələcək analar hamiləlik müddətində psixoloq nəzarətində olmalı, özünü gərəksiz düşüncələrdən uzaq tutmalıdır".

Xəbər lenti
0