ELM

Təhsil sistemində böyük fırıldaq: gizlinlər aşkara çıxır

Abunə olmaq
"Niyə müəllimlər işdən azad edilir, amma vakansiyanı gizlədənlər işdən çıxarılmır?"

BAKI, 22 may — Sputnik. "Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil şöbələrində idi".

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Azərbaycan təhsilinə ayrılmış külli miqdarda vəsait ünvana çatmadı

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. O bildirib ki, bu il proqram təminatı yenidən təmin ediləcək: "Bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi belə bir zərurət yaradıb. 2015-2016-cı illərdə rayonlarda aparılan yoxlamalar nəticəsində daxili yerdəyişmələrdə bəzi ciddi nöqsanlar aşkarlanıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar üzə çıxıb. Ona görə də bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik həyata keçirəcək".

Nazirlik rəsmisi qeyd edib ki, aşkarlanan nöqsanlar arasında ən çox müəllimlərin sıxlığı olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə köçürülməsi olub: "Vakansiyaların gizlədilməsi ilə bağlı həmin gizlədilən vakansiyaya işə götürülən müəllimlərin də yerləri tərəfimizdən müəyyən olunub. Həmin yerlərin hamısı müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq. Nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir və təkmilləşdirilir".

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2011-ci ildən sonra regionlarda kifayət sayda müəllim mərkəzləşmiş qaydada deyil, vakansiyaların gizlədilməsi yolu ilə işə qəbul olunub: "İndiyədək rayon daxilində müəllimlərin yerdəyişməsini məktəb direktorunun razılıq ərizəsi ilə rayon təhsil şöbəsi həyata keçirib. Bu zaman daha çox müəllimlər rayon mərkəzlərində cəmləşiblər. Ona görə də müəyyən qədər dərs saatları gizlədilib".

"Bunun vahid halda Təhsil Nazirliyinə tabe olması yaxşıdır və mənfi hallar aradan qalxacaq. Amma burada həmin vakansiya yerlərinin müəyyən olunması məsələsi var. Müəllimlərin işə qəbulu haqqında qaydalarda göstərilib ki, dərs saatı 18 saatdan çox olarsa, həmin yer vakansiyaya çıxarılır. Əgər 17 saatdırsa, bu, məktəbin müəllimləri arasında bölüşdürülür. Yəni, məktəbdə riyaziyyat, xarici dil müəllimi yoxdur, amma bu fənlər üzrə 17 saat dərs var. Bu zaman həmin dərs saatları qeyri-ixtisas müəllimləri arasında bölüşdürülür" — Əsədov bildirib.

Ekspertin fikrincə, hətta dərs saatı 1 saat belə, boş olarsa, mütləq oraya yeni müəllim gətirilməlidir: "İstər Bakıda, istər regionlarda kifayət qədər qeyri-ixtisas müəllimləri var ki, öz fənnini deyil, digər fənni tədris edir. Məsələn, əmək müəllimi tarix, coğrafiya, xarici dil fənnini tədris edir. Və yaxud biologiya müəllimi Azərbaycan dili fənnini tədris edir. Bu, qeyri-peşəkar yanaşmadır".

Onun sözlərinə görə, mənfi halları müəyyən etmək o qədər çətin proses deyil: "Hazırda ölkədə 4481 orta ümumtəhsil məktəbi var və 1,6 milyon şagird təhsil alır. Hər məktəbin nə qədər şagirdi olması barədə məlumat elektron bazada var. Onu da bilirik ki, məktəbin nə qədər müəllimə ehtiyacı var. Bu zaman müəyyən edilir ki, vakansiya yeri gizlədilib, yoxsa yox. Bunu müəyyən etmək üçün yenidən "Amerikanı kəşf etməyə" ehtiyac yoxdur".

"Qanunsuz vakansiyanı gizlədənlər hazırda da çalışırlar. Niyə onlarla bağlı tədbir görülmür? Vakansiyanın gizlədilməsi müəllimin günahı deyil. Bu, aidiyyəti qurumların günahıdır. Niyə müəllimlər cəzalandırılır, işdən azad edilir, amma vakansiyanı gizlətmiş rayon təhsil şöbələrinin müdirləri işdən çıxarılmır? O zaman ədalətli olacaq ki, vakansiyanı gizlədənlər vəzifəsindən azad edilsinlər. O zaman deyəcəyəm ki, bu, müsbət addımdır. Çünki bu, narazı elektorat yaradacaq" — K. Əsədov vurğulayıb.

© Photo : PUBLIC DOMAINTəhsil eksperti Almaz Həsrət
Təhsil eksperti Almaz Həsrət  - Sputnik Azərbaycan
Təhsil eksperti Almaz Həsrət

Respublikanın əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında bunu bir sıra mənfi halların, anlaşılmaz hadisələrin qarşısının alınması üçün atılan addımlardan biri kimi qiymətləndirib: "Bu addımlar dəstəklənməlidir. Bəzən orta məktəblərdə olan vakant yerlər, müəllim çatışmazlığı ilə bağlı məlumatlar təhsil şöbələri tərəfindən gizlədilirdi. Yəni, yuxarı instansiyalara məlumatlar ötürülmürdü. Bu işi Təhsil Nazirliyi üzərinə götürürsə, bu məsələdə obyektivlik, şəffaflıq olacaq".

Ekspertin sözlərinə görə, hər hansı bir yerdə müəllim çatışmazlığı olacaqsa, bu barədə məlumat artıq nazirliyin aidiyyəti orqanı və ya şöbəsində qeydə alınacaq: "Bu zaman müəllimlərin həmin məktəblərdə yerləşdirilməsi daha asan, real olacaq. Bu, müəllimin istədiyi məktəbə düşmək şansını daha çox artıracaq. Nazirliyin bu addımını müsbət qiymətləndirirəm".

Xəbər lenti
0